Əlcəzair Azərbaycan şirkətlərinin ölkədə elektrik stansiyaları və neft emalı müəssisələrinin tikintisində iştirakına ümid edir. Bu barədə Azərbaycanın Energetika Nazirliyinin məlumatında deyilir.
Bu məsələ çərşənbə günü energetika nazirinin müavini Gülməmməd Cavadovun Əlcəzairin Energetika Nazirliyinin baş katibi və Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEK) bu ölkənin nümayəndəsi Əhməd Messili ilə görüşündə müzakirə olunub.
“Görüşdə Ə.Messili Əlcəzairin neft-qaz və elektrik enerjisi sahələrində potensial, həmin sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib. O, həmçinin bildirib ki, yaxın illərdə Əlcəzair hökuməti yeni neft emalı müəssisələri və elektrik stansiyaları inşa etməyi planlaşdırır. Bununla əlaqədar həmin istiqamətdə planlaşdırılan tenderlərdə Azərbaycan şirkətlərinin iştirakından məmnun qalacaq”, - deyə məlumatda vurğulanır.
Ə.Messili onu da qeyd edib ki, Əlcəzair alternativ enerji sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır.
N.Abbasova