1918-ci ildə Azərbaycanda ermənilərin müsəlman əhalisinə qarşı törətdiyi soyqırımının təxminən 125 min nəfər qurbanı olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, dosent Vasif Qafarov “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfransda bəyan edib.
"Bu gün bütün dünya qondarma soyqırımı beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışan ermənilərin yalan təbliğatının arxasınca gedir. Əslində isə həqiqi soyqırım məhz dəfələrlə ermənilər tərəfindən türk xalqlarına qarşı törədilib", - deyə o, hakim Yeni Azərbaycan Partiyasının təşkil etdiyi tədbirdə vurğulayıb.
Onun sözlərinə görə, ən çox sayda qurban 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın 6 regionunda müsəlman əhalisinin qanlı qırğını zamanı qeydə alınıb.
“1918-ci ildə Azərbaycanın 6 regionunda quldurlar tərəfindən əksəriyyəti azərbaycanlıların olduğu 124 min 236 nəfər məhv edilib. Ölkəyə 9 mlrd. 235 mln. rubl ziyan dəyib, bu isə indiki pulla $324 mlrd. edir”, - deyə dosent qeyd edib.
V.Qafarov vurğulayıb ki, ermənilər təkcə 1918-ci ilin mart ayında üç gün ərzində Bakıdan 12 min azərbaycanlı öldürüblər.
“Həmin günlərdə Bakıya dəymiş maddi ziyan 1,2 mlrd. rubl təşkil edib.
Həmin günlərdə Britaniyanın Bakıdakı konsulu Londona məlumatında yazırdı ki, 20 min azərbaycanlı məhv edilib. İranın konsulu ölkəsinin rəhbərliyinə rəsmi məktubda başqa rəqəmlərdən istifadə edib. Erməni quldurlarının Bakının müsəlman əhalisinə qarşı törətdikləri soyqırımın qurbanları o qədər çox olub ki, müxtəlif mənbələr vahid rəqəmlə bağlı ortaq məxrəcə gələ bilməyiblər”, - deyə Tarix İnstitututunun əməkdaşı bildirib.
Onun sözlərinə görə, 1918-ci ilin mart hadisələri zamanı ermənilər Şamaxı regionunda 111 kənddən 105-ni yandırıblar, o cümlədən Şamaxının özündə 8-10 min azərbaycanlı daxil olmaqla, 22 min 295 müsəlman məhv edilib. Vurulan ziyanın həcmi 1,6 mlrd. rubl təşkil edib.
“Müsəlman əhalisinə qarşı soyqırımın törədilməsində məhz ermənilər günahkardır. Buna baxmayaraq, onlar bəyan edirlər ki, erməni xalqının nümayəndələri Azərbaycanda qırğına məruz qalıblar. Ancaq bunu sübut etmək üçün ermənilər heç bir sənəd və abidə təqdim edə bilmirlər. Biz isə 1918-ci ildə Şamaxı regionunda ermənilər tərəfindən öldürülən 22 min 295 nəfər azərbaycanlının adlarını və yaşadıqları yerlər haqqında məlumat əqdim edə bilərik”, - deyə V.Qafarov qeyd edib.
O, bütün dünyanın buna göz yummasına və tarixi faktları kobud şəkildə saxtalaşdıran Ermənistanı dəstəkləməsinə görə təəssüfünü bildirib. Bununla belə, dosent vurğulayıb ki, qondarma “erməni soyqırımı”nın tanınmasını dəstəkləyən dövlətlərin əksəriyyəti bəşəriyyət tarixində dəfələrlə işğal etdikləri ölkələrin əhalisinə qarşı soyqırımları törədiblər.
R.Babayev