Birinci Dünya müharibəsi illərində Türkiyə ordusunun Çanaqqalada zəfəri Avropa dövlətlərinin və Qafqaz xalqlarının gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov belə hesab edir.
“Çanaqqala zəfəri Avropa dövlətlərinin və Qafqaz xalqlarının gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Birinci Dünya müharibəsində Türkiyəyə qarşı döyüşlərdə iştirak etmiş xalqların məqsədi İstanbulu almaq idi, onlar ölkəni iflic edib təcili qələbə qazanmaq istəyirdilər. Lakin Türkiyə tərəfinin gözlənilməz və dəqiq hazırlanmış müdafiəsi, şəxsi heyətin sayının çoxluğu və türk əsgərlərinin yüksək vətənpərvərlik ruhu İstanbulu işğal etməyə imkan vermədi”, - deyə R.Hüseynov Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin döyüşdə Osmanlı imperiyası ordusu sıralarında bəzi məlumatlara görə, 5 minə yaxın azərbaycanlı iştirak edib, onlar Türkiyə Müftiliyinin cihad çağırışına cavab verməyi özlərinin mənəvi borcu hesab ediblər.
“Həmin vaxt Qafqazdan Türkiyədə döyüşmək istəyən çoxlu sayda könülü yola düşüb. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı həlak olub”,- deyə R.Hüseynov bildirib.
O qeyd edib ki, Çanaqqala zəfəri yalnız türk xalqının deyil, həm də Azərbaycan xalqının tarixinin bir hissəsidir.
“Faktiki olaraq bu döyüşdəki qələbə Türkiyə dövlətçiliyini xilas etdi. Bu qələbə sayəsində türklər özlərinə məxsus demokratiya qura bildilər. Müasir Türkiyənin yaradılmasında o dövrün azərbaycanlı ziyalıları da böyük rol oynayıblar. Türkiyə demokratiya forması 1918-ci ildə şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması zamanı reallaşıb”,- deyə tarixçi bildirib.
Onun sözlərinə görə, məhz bu fakt Azərbaycan və Türkiyəni yaxınlaşdırır. “Biz demokratiya, dövlət və hansı istiqamətdə hərəkət etmək haqqında vahid anlayışa malikik. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Türkiyənin yaxınlaşması hökm idi və bu, müzakirə olunmayan faktdır”,- deyə o vurğulayıb.
F.İsazadə