Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən son zamanlar artan təxribat cəhdləri fonunda hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarının vacibliyini qeyd edir.
"Hər bir hərbi həkim bilməlidir ki, şəxsi heyətin sağlamlığı, əsgərə ilkin tibbi yardımın göstərilməsi döyüş tapşırığına, ümumilikdə döyüş hazırlığına təsir edən əsas faktorlardan biridir. Məhz bu səbəbdən də torpaqlarımızı işğaldan azad etməyə hazır olan Silahlı Qüvvələrimizdə xidmət edən hərbi həkimlərimizin döyüş meydanında rolu əvəzsizdir və danılmazdır", - deyə Z.Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, korpus generalı Ömər Paç ilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi ilə tanışlıq zamanı bildirib.
Türkiyənin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompüter sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış olub.
Qeyd olunub ki, Simulyasiya Mərkəzi dünyanın qabaqcıl ölkələrində istehsal olunan müasir tədris vasitələri-manikenlər ilə təchiz edilib.
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, 2000-ci ildə Tibb Universiteti nəzdində Hərbi tibb fakültəsinin yaradılması qərara alınıb. Hazırda fakültədə təhsil alan kursantlar Silahlı Qüvvələrin şəxsi heyətinin tibbi təminatının müasir tələblərinə cavab verən peşəkar hərbi tibbi kadrlarının əsasını təşkil edirlər.
Öz növbəsində ölkəsinin hərbi tibb tarixi haqqında məlumat verən korpus generalı Ö.Paç Ankara ilə Bakı arasında bütün sahələrdə olduğu kimi, hərbi tibb istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu vurğulayıb.
F.İsazadə