Niderland şirkətləri Azərbaycanın qeyri-neft sektoruna təqribən $800 mln. həcmində investisiya qoyub. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev cümə axşamı Hollandiya-Azərbaycan biznes forumunda məlumat verib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, Niderlandda keçirilmiş biznes forumda Azərbaycan tərəfindənkənd təsərrüfatı, qida sənayesi, tikinti, maliyyə, energetika, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
“Hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, bankçılıq, sığorta, tikinti, nəqliyyat və s. sahələrdə 125 Niderland investisiyalı şirkət fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna indiyədək təqribən $800 mln. həcmində investisiya yatırılıb. Niderland şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi var, əlverişli investisiya və biznes mühiti yaradılıb.
Biznes forum çərçivəsində Azərbaycan və Niderland iş adamlarının ikitərəfli görüşləri keçirilib.