4 xarici şirkət Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2” telekommunikasiya peykinin hazırlanmasna dair təkliflərini təqdim edib. Bu barədə “Azərkosmos” ASC-nin məlumatında bildirilir.
“Cümə axşamı peykin və əlaqədar yerüstü avadanlıqların hazırlanmasına dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açılıb. Təklif vermiş şirkətlər sırasına ABŞ-ın “Orbital ATK”, “Space Systems Loral”, Çinin “China Great Wall Industry Corporation” və Fransanın “Airbus Defence and Space” şirkətləri daxildir. Tenderin qalibi 2015-ci ilin ortalarında elan ediləcək”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, “Azerspace-2” peykinin hazırlanması üçün elan edilmiş tenderə 5 şirkət ərizə vermişdi.
“Azerspace-2” telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılıb.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.