Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq superturnirində 6-cı turun görüşləri baş tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Günün əksər oyunlarında qalib müəyyənləşməyib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Uesli Soyla, Rauf Məmmədov Vişvanatan Anandla sülh bağlayıb. Maykl Adams Maksim Vaşye-Laqrav, Aniş Qiri Maqnus Karlsen duellərində də şahmatçılar xalları yarı bölüblər. Turun maraqla gözlənilən Vladimir Kramnik Fabiano Karuana qarşılaşmasında isə italyan iti zəka sahibi sabiq dünya çempionunu ağ bayraq qaldırmağa məcbur edib.
Sonuncu turdan sonra turnir cədvəlinə 4.5 xalla yenə Karlsen başçılıq edir. Onun ən yaxın izləyicisi 4 xala malik Uesli Sodur. Aktivində 3.5 xalı olan Anand ilk üçlüyü qapayır. Karuana və Məmmədyarov 3 xalla 4-cü 5-ci yerləri bölüşdürürlər. Kramnik, Qiri, Məmmədov və Vaşye-Laqrav 2.5 xalla 6-cı 9-cu pillələrdə qərarlaşıblar. 2 xalı olan Adams sonuncudur.
Bu gün 7-ci tur çərçivəsində Azərbaycan dueli yaşanacaq. Şəhriyar Məmmədyarov Rauf Məmmədovla üz-üzə gələcək. Vişvanatan Anandla Maykl Adams, Fabiano Karuanayla Uesli So, Maqnus Karlsenlə Vladimir Kramnik və Maksim Vaşye-Laqravla Aniş Qiri öz aralarında güclünü müəyyən etməyə çalışacaqlar.
F.Mehdiyev