ABŞ prezidenti Barak Obama erməni xalqına illik müraciətində Osmanlı imperiyasında bir əsr öncə baş vermiş hadisələri “soyqırım” adlandırmayıb.
“Bu il biz «Mets Yeghern» (“Böyük qətliam” - İF) - XX əsrin ilk kütləvi cinayətlərinin 100 illiyini qeyd edirik. 1915-ci ildən etibarən Osmanlı imperiyası erməniləri deportasiya olunub, öldürülüb və zorla ölümə göndəriliblər. Onların mədəniyyəti və qədim vətənlərinin irsi məhv edilib. Qorxunc təcavüz aktları nəticəsində 1,5 milyon erməni öldürülüb”, - deyə Ağ Evin mətbuat xidməti B.Obamanın sözlərindən sitat gətirir.
“1915-ci ilin dəhşətli hadisələri başlayarkən ABŞ səfiri Henri Morqentau ABŞ hökuməti və Osmanlı liderləri qarşısında həyəcan təbili çalıb. Onun səyləri nəticəsində "Mets Yeghern" barədə həqiqətin üstü açılıb və sonradan hüquq müdafiəçisi Rafael Lemkinin işlərinə təsir edib. R.Lemkin insan haqları sahəsində Birləşmiş Millətlər Təşkilatının ilk müqaviləsini hazırlamağa yardım edib”, - deyə ABŞ prezidenti qeyd edib
Onun sözlərinə görə, bu “dəhşətli qırğın” fonunda Amerika və Ermənistan xalqları ümumbəşəri dəyərlər naminə birləşiblər. “Sadə Amerika vətəndaşları çox əziyyət çəkmiş erməni uşaqların dəstəklənməsi məqsədilə milyonlarla dollar toplayıblar. Minlərlə erməni qaçqın Birləşmiş Ştatlarda yeni həyata başlayıb, burada onlar güclü və fəal birlik formalaşdırıblar və Amerika cəmiyyətinin dayağına çevriliblər. Onlar ”sahibkarlar, həkimlər, alimlər, rəssamlar, idmançılar qismində böyük uğurlar əldə ediblər, yeni evlərinin tikintisinə əvəzsiz töhfə veriblər”, - deyə B.Obama bildirib.
“Bu yüzillik mühüm andır, bizi tarixi yaddaşın və keçmişlə mürəkkəb, lakin zəruri olan hesablaşmanın vacibliyi barədə düşünməyə vadar edir. Mən 1915-ci ildə baş vermiş hadisələrlə bağlı şəxsi fikrimi dəfələrlə bəyan etmişəm və mövqeyim dəyişməyib. Faktların tam, açıq və aydın şəkildə tanınması hamımızın maraqlarına cavab verir. Xalqlar və millətlər keçmişin ağrılı anlarını qəbul edərək, daha güclü olurlar və daha ədalətli və tolerant gələcəyin təməlini qura bilərlər. Biz tarixin bu qaranlıq hissəsini işıqlandırmağa çalışan Papa Fransisk, türk və erməni tarixçiləri, eləcə də bir çox digər şəxslərin fikirlərini alqışlayırıq”, - deyə Amerika lideri qeyd edib.
“Bu vacib dəqiqələrdə erməni xalqının yanındayıq və itkiləri yad edirik. Söz veririk ki, zərər çəkənlər unudulmayacaq. Gələcək nəsillər həmin səhvləri təkrarlamasınlar deyə, bu ağrılı irsdən dərs almağı öhdəmizə götürürük”, - deyə B.Obama bəyan edib.