Türk xalqı üçün Çanaqqala döyüşündə zəfərin 100 illiyinin qeyd olunduğu əlamətdar gündə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyədə olması Bakı və Ankara arasında əməkaşlığın yüksək səviyyəsindən xəbər verir. Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun belə hesab edir.
“Türkiyə və Azərbaycan iki qardaş ölkədir və ikitərəfli münasibətlər nöqteyi-nəzərindən ən yüksək nöqtədədirlər, biz hamımız bununla fəxr edirik. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyədə olması Bakı və Ankara arasında əməkaşlığın yüksək səviyyəsindən xəbər verir”, - deyə A.Coşqun Çanaqqala döyüşü mövzusunda məqalə, şer və hekayə müsabiqəsinə həsr olunan tədbirdə söyləyib.
Müsabiqədə Azərbaycanın bütün regionlarından olan nümayəndələr iştirak ediblər.
Diplomat qeyd edib ki, Çanaqqala döyüşündə qələbə nəinki Türkiyə, həm də Azərbaycanın zəfəridir.
“Azərbaycan və Türkiyə arasında qardaş münasibətlərin zəmanəti artıq təmin edilib. Bizim birgə tariximiz var ki, onu dünya birliyinə təqdim etməliyik”, - deyə o vurğulayıb. Səfir xatırladıb ki, tarix boyu Azərbaycan və Türkiyə xalqları bir-birinə yardım ediblər. 1915-ci ildə baş verən Çanaqqala döyüşü bunun bariz sübutudur. Burada azərbaycanlılar türklərlə çiyin-çiyinə vuruşublar və 1918-ci ildə Bakının erməni-bolşevik işğlçılardan azad edilməsində türk ordusuna yardım ediblər.
“Biz türk tarixinə qarayaxma cəhdlərinin həyata keçirildiyi dövrdə yaşayırıq. Müxtəlif məlum bəyanatlar bunun bariz sübutudur. Tarixi həqiqətin açılması məqsədilə biz bir addım irəliləməliyik. Azərbaycan və Türkiyənin xarici siyasəti hər kəsə məlumdur. Lakin buna baxmayaraq, bir sıra ölkələrin Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi ikili standartların olmasından xəbər verir”, - deyə A.Coşqun vurğulayıb.
“Bütün bunları nəzərə alaraq və ədalətli mövqeyimizə əsaslanaraq dünyaya çağırış edəcəyik. Tarix və insanlıq nöqteyi-nəzərindən bütün ədalətsizliklərə cavab verməyə hazırıq. Biz hər zaman bu mövzunu (qondarma “erməni soyqırımı”) siyasi məqsədlərlə istifadə edənlərə qarşı çıxış etmişik. Bütün iddialara cavab verəcəyik. Azərbaycana, türk dünyasında qardaşlara və əsl dostlara nümayiş etdirdikləri mövqeyə görə minnətdarlığımızı bildiririk”, - deyə səfir bildirib.
F.İsazadə