Azərbaycanda əqli mülkiyyət sahəsində müxtəlif seqmentlər üzrə piratçılığın səviyyəsi son on ildə 11-31% azalıb. Bu barədə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov məlumat verib.
“Son yeddi ildə Azərbaycanda ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin xüsusi çəkisi 4,8% artıb ki, bu da dünyadakı orta göstəricilərə uyğundur”, - deyə o, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yaxın 10-15 ildə beynəlxalq şəbəkə istifadəçilərinin sayının əhəmiyyətli dərəcədə artması gözlənilir.
“İnternet istifadəçilərinin sayı artacaq, onlayn xidmətlərin əhatə dairəsi genişlənəcək. Müxtəlif proqnozlara görə, qlobal şəbəkəyə qoşulmuş qurğuların sayı 2020-ci ilə qədər təxminən 50 mlrd. təşkil edəcək. Hazırda 5 əqli mülkiyyət obyektindən 4-ü müəlliflik hüququ obyektidir”,- deyə K.İmanov əlavə edib. Öz növbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan alimlərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının müdafiəsi problemi barəsində danışıb.
“Virtual dünyanın hüquqi tənzimlənməsi mexanizminin olmaması səbəbindən internetelmi əsərlərin piratçılığına və plagiatına qarşı çox zəif immunitetə malikdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu problem yalnız sosial-iqtisadi maraqlar baxımından deyil, həm də milli-mənəvi dəyərlər baxımından da böyük əhəmiyyət kəsb edir.
“Ermənilər Azərbaycan torpaqlarının işğalı ilə yanaşı, Azərbaycan xalqına məxsus dəyərləri mənimsəyir, dünya ictimaiyyəti arasında yalan informasiya yayır, ölkəmizə qarşı informasiya müharibəsi aparırlar”,- deyə AMEA prezidenti vurğulayıb.
R.Babayev