Azərbaycan hökuməti mətbuatın inkişafına qayğı göstərir, peşəkar fəaliyyətlərinə görə azərbaycanlı jurnalistlərin təzyiqlərə məruz qalmasına dair Qərb mətbuatının iddiaları isə əsassızdır. Bu barədə respublikanın rusdilli KİV rəhbərləri bəyan edirlər.
“İki il öncə Azərbaycanda 150 nəfərdən artıq jurnalistə mənzil verilib. Hazırda KİV əməkdaşları üçün ikinci binanın tikintisi başa çatmaq üzrədir. Mənzillərin bölüşdürülməsi şəffaf şəraitdə, tam açıq şəkildə həyata keçirilib. Mənzillə təmin edilən jurnalistlər arasında müxalifət KİV-lərinin nümayəndələri də olub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov cümə günü Bakıda bir qrup rusiyalı jurnalistlə görüşdə qeyd edib.
“Trend” agentliyinin baş redaktoru Vaqif Şərifov rusiyalı həmkarlarının suallarını cavablandıraraq bildirib ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalmasına dair Qərb mətbuatının iddialarına inanmağa dəyməz. “Burada söhbət üç il öncə “Eurovision” müsabiqəsi ərəfəsində olduğu kimi, Avropa Oyunları ərəfəsində də Azərbaycana qarşı aparılan məqsədyönlü kampaniyadan gedir. Ölkədə vəziyyətin işıqlandırılmasında qətiyyən heç bir maneə duymuruq. Əgər insan qanuna zidd hərəkət edirsə, o zaman bunu peşə fəaliyyətinə görə təzyiq kimi təqdim etmək olmaz”, - deyə o qeyd edib.
“Новости Азербайджанa” agentliyinin baş direktoru Vüqar Xəlilov isə vurğulayıb ki, Azərbaycanda KİV-lə bağlı vəziyyət digər ölkələrdə olduğundan daha yaxşıdır. “Azərbaycanda müxalif çap KİV-ləri bəzən elə materiallar dərc edirlər ki, digər ölkələrdə onların həmkarları buna görə məsuliyyətə cəlb olunurlar”, - deyə o vurğulayıb.
A.Zeydullayeva