Bu gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Soçidə keçirilmiş I Ümumdünya Gənc Həmvətənlərin Oyunlarının iştirakçıları ilə görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
2015-ci il aprelin 11-dən 18-nə qədər Soçidə I Ümumdünya Gənc Həmvətənlərin Oyunları keçirilib. Oyunların təşkilatçıları Rusiyanın İdman, Təhsil və Elm, Mədəniyyət nazirlikləri, “Rossotrudniçestvo” və bir sıra digər təşkilatlar olub. Oyunlar Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunub.
Azərbaycanlı idmançılar və onların məşqçiləri bu oyunlarda ölkəmizi layiqincə təmsil ediblər. Nəticədə onlar ümumi komanda hesabında liderlərin üçlüyünə daxil olublar.
“Rossotrudniçestvo” təşkilatınin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Bakı şəhər Gənclər və İdmanBaş İdarəsinin rəisi Raqif Abbasov, beynəlxalq və respublika oyunlarının qalibi, komandanın rəhbəri, Azərbaycanın rus icmasının sədr müavini Boris Voronin oyunçuları uğurlu çıxışları münasibəti ilə təbrik ediblər.
Azərbaycan komandasını voleybol, stritbol (küçə basketbolu) və şahmat üzrə 24 gənc
idmançı təmsil edib.
Azərbaycan komandası yarışlarda uğurla çıxış etməklə yanaşı, həm də Soçidə “Bakı-2015” Birinci Avropa Oyunlarının proqramının təqdimatını edib.
A.Zeydullayeva