Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 53 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,742 min sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 3,7 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə günü Ağdaş rayonunda sahibkarlığın dəstəklənməsi üzrə tədbir keçirib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir ki, indiyədək Aran iqtisadi rayonunun sahibkarları SKMF-in xətti ilə 10,142 min layihənin həyata keçirilməsi üçün 421,1 mln. manat kredit alıblar. Bu layihələr çərçivəsində 34,2 minə yaxın yeni iş yeri yaradılıb.
“Tədbir çərçivəsində 72 sahibkarlıq subyektinə ümumilikdə 819,9 min manat məbləğində kredit verilib. Kreditlər heyvandarlıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrdə layihələrin reallaşdırılmasına yönəldiləcək. Bu layihələrin həyata keçirilməsi 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzizov