Hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlər inşa olunur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Hazırda respublikamızın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi ev inşa olunur və cari ilin iyul ayının sonunadək onların istifadəyə verilməsi nəzərdə tutulur”,- deyə nazir Səlim Müslümov cümə günü Bərdə rayonunda bu rayonun və Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri ilə görüşdə bildirib.
S.Müslümov yaxın vaxtlarda 4 rayonda bu təbəqələrdən olanlar üçün yeni fərdi evlərin inşasına başlanacağını diqqətə çatdırıb.
Nazir digər bölgələr kimi, Bərdə, Ağdam və Ağcabədi rayonlarında da əlil və şəhid ailələrinin mənzillə təminatı sahəsində məqsədyönlü işlərin görüldüyünü bildirib. “Ötən il Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli, Bərdə rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Hazırda Bərdə rayonunda 5 ədəd, Ağcabədi rayonunda 14 ədəd, Ağdam rayonunda isə 10 ədəd fərdi evin inşası yekunlaşmaq üzrədir və yaxın vaxtlarda müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək”- deyə S.Müslümov bildirib.
R. Babayev