Azərbaycan İpoteka Fondu (AİF) cümə günü hərracda 3 mln. manat məbləğində istiqraz yerləşdirib. Bu barədə AİF-in məlumatında deyilir.
Bu, fondun doqquzuncu emissiyadan istiqrazlarının üçüncü yerləşdirilməsi idi.
“Təqdim edilən sifarişlərin ümumi həcmi 3 mln. 78 min manat təşkil edib. Hərracın yekunları üzrə istiqrazların bütün həcmi - 3 mln. manat yerləşdirilib”,- deyə fonddan məlumat verilib.
Hərracda iki investor iştirak edib.
2015-ci ilin yanvar-aprel aylarında AİF üç hərracda 11 mln. manat məbləğində istiqraz yerləşdirib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin yanvar ayında AİF-in 40 mln. manat məbləğində istiqrazının səkkizinci emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 40 min ədəd təmin edilmiş istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 10 il, illik faiz dərəcəsi 3%-dir.
Xəbər verildiyi kimi, AİF 2009-2014-cü illərdə 8 emissiya çərçivəsində ümumilikdə 340 mln. manat məbləğində istiqraz yerləşdirib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2013-cü ildə AİF-in vəsaitləri hesabına iöoteka kreditləşməsinin həcmi 112,9 mln. manat, 2014-cü ildə - 97 mln. manat təşkil edib.
A.Əzizov