Katmanduda baş verən zəlzələ nəticəsində Nepalda olan Azərbaycan vətəndaşları ciddi xəsarət almayıblar. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında deyilir.
“İlkin məlumata əsasən, Nepalda zəlzələ nəticəsində Azərbaycan vətəndaşı olan azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb. Hazırda vəziyyəti yaxşıdır”, - deyə H.Hacıyev qeyd edir.
Onun sözlərinə görə, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı var.
Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır.
“XİN-in təlimatı əsasında Azərbaycanın Hindistandakı səfirliyi Nepalda baş vermiş təbii fəlakətlə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir”, - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, şənbə günü səhər saatlarında Nepalın paytaxtı Katmandu yaxınlığında 7,9 bal gücündə baş verən zəlzələ çoxsaylı insantələfatı və dağıntılara səbəb olub.
F.İsazadə