Qlobal Vençur Alyansı (GVA) Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayə yatırmaqda maraqlıdır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünyanın ən nəhəng texnoloji mərkəzi hesab edilən ABŞ-ın Silikon Vadisində yerləşən biznes-inkubator - Qlobal Vençur Alyansının (GVA) prezidenti Məhəmməd Musayev və “Global Catalyst Partners” (GCP) şirkətinin sədri və həmtəsisçisi, vençur kapitalı sərmayədarı Kamran Elahian ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Görüşdə qeyd edilib ki, GVA-nın missiyası informasiya texnologiyalarının səmərəli tətbiqi ilə insanların həyatının daha da yaxşılaşdırılması, startapların aşkarlanması və inkişafına dəstək verilməsidir.
“ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail kimi ölkələrdə iqtisadi inkişafın təmin edilməsinə yönələn müxtəlif innovativ ideya və layihələrin gerçəkləşməsinə dəstək verdiklərini bildirən K.Elahian bu baxımdan Azərbaycanın da maraq doğurduğunu, həmçinin ölkəmizə sərmayə qoymaq niyyətində olduqlarını bildirib”, - deyə məlıumatda qeyd olunur.
Görüşün yekunları üzrə tərəflər investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsini qərara alıblar.
N.Abbasova