Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni etdiyi hərəkətə görə təəssüfləndiyini və Azərbaycan hökumətindən onu bağışlamağı xahiş edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
L.Faraoni cari ilin mart ayında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Redaktor müavini Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Azərbaycanın Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib. O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.
L.Faraoni işğal olunmuş ərazilərə Luis Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.
L.Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul olunub.
Y.Əliyev