Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov hesab edir ki, İranın üzərindən sanksiyaların götürülməsi dünya neft bazarında rəqabət nöqteyi-nəzərindən Azərbaycana heç bir problem yaratmayacaq.
“Altılıq” ilə İran arasında razılıq əldə olunduğu və bu ölkə üzərindən sanksiyalar götürüldüyü halda İran nefti rəqabət nöqteyi-nəzərindən Azərbaycan neftinə heç bir problem yaratmayacaq”, - deyə Q.Məmmədov bazar ertəsi Bakıda NATO-nun Azərbaycandakı Beynəlxalq məktəbinin (NİSA) təşkilatçılığı ilə keçirilən “Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu” mövzusunda konfransda bəyan edib.
“Enerji bazarında rəqabət var və hər zaman da olacaq və yalnız İranla deyil”, - deyə o bildirib.
Q.Məmmədov ümidvar olduğunu deyib ki İran və “altılıq” bu yay nüvə proqramı ilə bağlı son razılıqlara nail ola biləcək və Tehran üzərindən sanksiyalar aradan qaldırılacaq.
O, həmçinin qeyd edib ki, Azərbaycan öz təbii resurslarından xalqının, regionun və ümumilikdə dünyanın rifahı naminə istifadə edə bilib.
F.İsazadə