“Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan olan iştirakçısı Elnur Hüseynov Moskvanı fəth edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müğənninin mətbuat xidmətindən məlumat verilib.
Son bir neçə həftə E.Hüseynov üçün çox dolğun keçib - promo-tur çərçivəsində o, bir sıra ölkələrdə pərəstişkarı ilə görüşüb.
Moskvaya səfərinin ilk günündə müğənni müsahibə verib və «Music Box» proqramının efirində müsabiqədə təqdim edəcəyi «Hour of the Wolf» mahnısının klipinin təqdimatını keçirib. Sonra o, hər il keçirilən “Eurovision” öncəsi qala-konsertə həsr olunan mətbuat konfransında iştirak edib. Bu il qala-konsert "Place de Paris Korston" zalında keçirilib.
Moskvada keçirilən konsertdə Rusiya təmsilçisi Polina Qaqarina, həmçinin ötən illərin müsabiqə iştirakçılarının da daxil olduğu 10-dan artıq ölkənin iştirakçıları toplanmışdı.
Konsertdə E.Hüseynov «Hour of the Wolf» mahnısını ifa edib. Çıxışdan sonra müğənni əyləncəli gecəyə gedib və burada müsabiqədəki həmkarları ilə ünsiyyətdə olub.
E.Hüseynov mayın 21-də "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında "Hour of the Wolf" mahnısı ilə Azərbaycanı təmsil edəcək.
A.Zeydullayeva