Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirinə yekun vurulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Yarışın son 9-cu turunda şahmatçılardan Şəhriyar Məmmədyarov ingilis Maykl Adamsla üz-üzə gəlib. Tərəflər yarım xalla kifayətləniblər. Rauf Məmmədov norveçli Maqnus Karlsenlə 4 saatlıq mübarizədən sonra uduzub. Hindistanlı Vişvanatan Anand Fabiano Karuana ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda heç-heçə qeydə alınıb.Aniş Giri-Vladimir Kramnik, Maksim Vaşye-Laqrav - Uesli So qarşılaşmalarında da qalib müəyyənləşməyib.
Beləliklə, beynəlxalq turnirin qalibi 7 xal toplayan M.Karlsen olub. O, 9 görüşün 5-də qalib gəlib, qalan 4 oyunda isə heç-heçə edib. Bu Karlsenin yarışda ardıcıl ikinci qələbəsidir. Vişvanatan Anand 6 xalla 2-ci, Uesli So və Fabiano Karuana 5 xalla 3-4-cü yerləri bölüşdürüb. Şəhriyar Məmmədyarov və Vladimir Kramnik 4 xalla 5-6, Rauf Məmmədov, Maksim Vaşye-Laqrav, Maykl Adams və Aniş Giri 3,5 xalla 7-10-cu yerlərdə qərarlaşıblar.
F.Mehdiyev