Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan növbəti iclasda zərərçəkənlərin ifadələri dinlənilib və cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq olub. Qeyd edilib ki, təqsirləndirilən Arsen Baqdasaryanla bağlı keçirilən məhkəmə-tibbi və psixoloji ekspertizanın nəticələri təqsirləndirilən şəxsin Azərbaycana keçdiyi vaxt səhhətində və psixoloji durumunda heç biz pozğunluğun olmadığını göstərib. Prosesdə cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq zamanı bildirilib ki, A.Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Kirovakan rayonundakı zavodda istehsal olunub.
Sonra məhkəmə prosesinin yekunlaşdığı elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istəyib. Bununla əlaqədar ittihamçı tərəfin dinlənilməsi üçün növbəti məhkəmə may ayının 4-nə təyin olunub.
Cinayət işinin materiallarına əsasən, Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan iki hərbçi yoldaşı ilə birgə 2014-cü il dekabrın 26-da Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini gizli olaraq keçib. Onlar özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində yerləşdirə biliblər. A.Baqdasaryan geri qayıtmaq istəyərkən Ağdam rayonunun Zəngişalı kəndi ərazisində tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunan erməni diversant təqsirini boynuna alıb.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.
F.Mehdiyev