Azərbaycan müxtəlif millət və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaması ilə bağlı qiymətli təcrübəyə malikdir və bu təcrübə dünya ölkələri tərəfindən öyrənilməyə layiqdir. Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının (CRİF) keçmiş rəhbəri Rişar Praskye belə hesab edir.
“Biz Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaya bilməsinin və yaşamasının şahidi oluruq. Bu cür birgə yaşama heyranlıq doğurur”, - deyə R.Praskye bazar ertəsi Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüş zamanı bəyan edib.
O qeyd edib ki, bu gün bütün dünyada, o cümlədən Fransada müxtəlif millət və dinlərin nümayəndələri arasında qarşılıqlı münasibətlərdə problemlər müşahidə edilir.
“Bu səbəbdən mənə elə gəlir ki, sizin təcrübəniz bizim tərəfimizdən öyrənilə bilər”, - deyə R.Praskye bildirib.
Şeyxin Qarabağ münaqişəsinin nəticələrinə dair məlumatına cavab olaraq o qeyd edib ki, “Azərbaycanın reallıqları dünya birliyi tərəfindən sonuna kimi öyrənilməyib”.
“Siz informasiya müharibəsinin qurbanı olmusunuz”. - deyə R.Praskye vurğulayıb.
O, Azərbaycanla İsrail arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.
“Azərbaycanın İsraillə müsbət münasibətləri biz yəhudiləri sevindirir. Bu, Azərbaycanın bizə yaxın dövlət olmasından xəbər verir”, - deyə R.Praskye bildirib.
F.İsazadə