Ümumdünya Əməyin Mühafizəsi Günü münasibəti ilə 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində dəyirmi masa keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Son illər ərzində demək olar ki, ölüm hadisələri, xəsarətlər azalıb. Bu da insanlar, müəssisələr arasında maarifləndirici işlərdən irəli gəlir. Müəssisə və təşkilatlarda oluruq, bizim müfəttişlər tərəfindən iş aparılır. Üç ay ərzində bizdə ancaq yüngül xəsarətlər baş verib, ölüm faktına rast gəlinməyib”, – deyə 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Xəqani Səfərov bildirib.
Cari ilin ilk 3 ayı ərzində müfəttişlik əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı 50 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb. Qanunu pozan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında 19 min manatlıq cərimə tətbiq edilib və həmin vəsait dövlət büdcəsinə köçürülüb.
Qeyd edək ki, 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Gəncə şəhəri, Samux və Göygöl rayonlarını əhatə edir. İşlərini yaxşı təşkil etdiyinə görə bu regiondakı 3 istehsal müəssisəsi fəxri fərmanla təltif edilib.
F. Mehdiyev