Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 30 aprel - 1 may tarixlərində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə nazir çərşənbə axşamı Bakıda belçikalı həmkarı Didye Reynders ilə danışıqların yekunları üzrə keçirilən birgə brifinqdə bildirib.
“Əminəm ki, artıq münaqişənin nizamlanması vaxtı yetişib. Həmsədrlərlə əvvəldən danışmışdıq ki, apreldən sonra münaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”, - deyə E.Məmmədyarov bildirib.
O, problemin nizamlanması prosesində irəliləyişin əldə olunmasında Bakının qətiyyətli olduğunu vurğulayıb.
“Biz əyləşib işi başa çatdırmalı, hansı tədbirlərin görülməsini qərara almalıyıq. Danışqlar prosesini ölü nöqtədən tərpətməliyik. Həm Rusiya XİN başçısı, həm Fransa prezidenti bu barədə bildirmişdilər. Ehtimal ki, amerikalılar da bu fikri bölüşürlər. Mövqeyimiz dəyişməz olaraq qalır: Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarını tərk etməlidirlər”, - deyə nazir vurğulayıb.
F.İsazadə