Ukraynanın hazırkı hakimiyyəti çətin ki, Qərbdən ümid etdiyi dəstəyi alacaq. Bu barədə Çexiyanın sabiq prezidenti Vatslav Klaus bəyan edib.
“Bu gün Ukraynada hakimiyyətdə olan siyasətçilər yaranan vəziyyətdən çıxış yolunu ölkə daxilində həllərin tapılmasında deyil, xaricdə görürlər. Onlar repressiya siyasəti və Qərbdən hərbi-iqtisadi yardım gözləməyə əsaslanırlar. Lakin mənə elə gəlir ki, onlar buna nail olmayacaqlar”, - deyə V.Klaus Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın problemi ondan ibarətdir ki, bu ölkə SSRİ-nin süqutundan sonra dövlətçiliyini ciddi şəkildə qura bilməyib.
“Ukrayna postsovet dövlətlərinin inkişafının ən uğursuz misalıdır. Ukrayna süni olaraq yaradılıb və MDB-nin digər ölkələri kimi dövlətçiliyini qura bilməyib. Bu ölkə 2013-cü ilin noyabr ayında baş vermiş Maydan hadisələrinə qədər zəif dövlətçiliyə mailk olub. Ukraynalılar xaricdən idarə olunan passiv obyekt olaraq vəziyyətin girovuna çevriliblər”, - deyə sabiq prezident qeyd edib.
V.Klaus vurğulayıb ki, Ukrayna Rusiya və ya Qərb ilə olması ilə bağlı çox tez qərar verib.
“Ukraynaya Rusiya ilə Qərb arasında seçim etmək imkanı verməklə, onu parçalanmaya və münaqişəyə sürüklədilər”, - deyə o bildirib.
Sabiq prezident, həmçinin qeyd edib ki, postsovet məkanında mövcud münaqişələri Moskva ilə Qərb arasında daha da artan qarşıdurma şəraitində həll etmək mümkün deyil.
“Bu gün Ukraynada baş verənlər Qərb ilə Rusiyanın problemi deyil. Bu, Kiyevin Moskva ilə problemidir. Bu, sovet dövründə olduğu kimi, iki mübarizə aparan sistemin qarşıdurması deyil. Qərb və Rusiya uzunmüddətli perspektivi düşünməli və Kiyev ətrafında vəziyyətə diqqəti yönəltməməlidir. Ukraynada baş verənlər isə bu ölkənin kommunizmdən özü üçün yeni olan kapitalist siyasi-iqtisadi sistemə uğurlu keçid edə bilməməsinin nəticəsidir”, - deyə V.Klaus vurğulayıb.
R.Babayev