Amerikanın nüfuzlu “The Washington Times” qəzetində “Birləşmiş Ştatlar postsovet məkanındakı separatçı münaqişələrə münasibətdə ardıcıl olmalıdır” başlığı altında məqalə dərc olunub.
Məqalənin müəllifinin sözlərinə görə, ABŞ Ukraynanın ərazi bütövlüyünü şövqlə müdafiə etdiyi halda, nədənsə eyni münasibəti Qafqazdakı müttəfiqi Azərbaycana göstərmir. “Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozaraq Dağlıq Qarabağ və ətraf 7 rayonda işğal və etnik təmizləmə ilə məşğuldur. Dağlıq Qarabağ və həmin rayonlar tarixən Azərbaycan ərazisidir və beynəlxalq ictimaiyyət tərəfindən belə qəbul edilib”, - deyə məqalədə qeyd olunur.
Beynəlxalq hüquq Azərbaycanın mövqeyini dəstəkləyir və münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq nizamlanmalıdır.
Məqalədə bildirilir ki, əgər dünya birliyi Ermənistan və Azərbaycan arasındakı, eləcə də Gürcüstandakı münaqişələrə daha ardıcıl münasibət bəsləsəydi, Ukraynadakı faciəvi hadisələrdən qaçmaq olardı
F.Hüseynzadə