“PAŞA Sığorta” şirkəti regionlarda nümayəndəliklərin sayını artırır. Bu barədə şirkətin məlumatında qeyd edilir.
Şirkətin Lənkəran və Göyçay şəhərlərində yeni nümayəndəlikləri fəaliyyətə başlayıb.
Nümayəndəliklərin sayı 10-a, o cümlədən regionlarda 5-ə çatıb.
“Filial və nümayəndəlik şəbəkəsinin genişlənməsi şirkətin inkişafının prioritet istiqamətlərindən biridir. Əsas məqsəd regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir”, - deyə məlumatda qeyd olunur.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir. 2012-2014-cü illərdə şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanda sığorta şirkətləri arasında lider olub.
2015-ci ilin I rübü ərzində “PAŞA Sığorta” 29 mln. 195,603 min manat məbləğində sığorta haqqı toplayıb, 6 mln. 638,114 min manat məbləğində isə ödəniş həyata keçirib.
A.Əzizov