Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Hadisə Kürəkçay stasiyasının yaxınlığında manevretmə prosesi yerinə yetirilərkən baş verib. Hərəkətdə olan qatarın 3 vaqonu relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.
“Bildyiniz kimi yollarımızın hamısı yeni dəyişdirilib. Yəni yolla bağlı elə bir problem nəzərə çarpmır. Hadisə manevretmə zamanı baş verdyindən vaqonlarda nasazlığın olma ehtimalı böyükdür. Araşdırmalardan sonra nəticə məlum olacaq”, – deyə QSC-nin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Füzuli Kərimov bildirib.
Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında aşmış vaqonlar yığışdırılıb və dəymiş ziyan aradan qaldırılıb. Qəza digər qatarların hərəkətində maneə yaratmayıb.
F.Mehdiyev