ABŞ-ın Azərbaycandakı səfirliyi bir sıra Azərbaycan KİV-lərinin Birinci Avropa Oyunları ərəfəsində respublikaya qarşı “qara piar” kampaniyasının aparılmasına Vaşinqtonun aidiyyətinin olmasına dair yaydığı məlumatları təkzib edir.
“Sözügedən yazıdakı iddialar tamamilə əsassız və dəyərsizdir. ABŞ tərəfindən Azərbaycanın suverenliyi və müstəqilliyinə göstərilən uzunmüddətli dəstək yalnız sözlərin deyil, həm də əməllərin üzərində qərarlaşıb. Bizim Azərbaycanla yaratdığımız tərəfdaşlıq əlaqələrimiz Azərbaycanın mümkün olan qədər demokratik, sabit və tərəqqili inkişafına dəstək verdiyimizi nümayiş etdirir”, - deyə ABŞ səfirliyinin “İnterfaks-Azərbaycan” agentliyinin sorğusuna cavabında deyilir.
Dünən bir sıra Azərbaycan KİV-ləri səlahiyyətli mənbələrə istinadən iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyasının aparılması barədə məlumat veriblər. Bununla yanaşı, KİV-lər konkret təşkilatlar, mətbu orqanları və Azərbaycana qarşı “qara piar”ın aparılmasının tapşırıldığı şəxslərin adları çəkilir. Həm də “Birinci Avropa Oyunlarının siyasiləşdirilməsi planı”nın reallaşdrılmasının həvalə olunduğu şəxslər arasında “uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş “5-ci kolonu”n nümayəndələri də var.
Xüsusilə qeyd olunur ki, ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy (NED) təşkilatına həvalə edilib. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Layihədə konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Bununla yanaşı, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır.
“İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanılıb. Sənəddə deyilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, “Formula 1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəyə yönələcək. “Bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir”, - deyə KİV-lər sənədə istinadən yazır.
KİV-lər, həmçinin məlumat verir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, eləcə də Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər. Sənəddə qeyd olunur ki, kampaniyanın məqsədi “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”. Kampaniyaya İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcək. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirirlər.
Sənədə əsasən, Azərbaycanda, onun hüdudlarından kənarda, həmçinin internetdə aşağıdakı tədbirlərin reallaşdırılması planlaşdırılır: hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması; Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi; Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi; Avropa Parlament, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması və s.
Əldə olunan məlumatlarda deyilir ki, bütün bu kampaniyalar mərkəzləşdirilmiş qaydada həyata keçirilir. KİV-lərin iddialarına görə, ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur.
F.İsazadə