Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olub və Ali Baş Komandanın fərmanı ilə komandirlərə yeni döyüş bayraqlarını təqdim edib. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“Bu gün biz Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edir və yeni yardılan hərbi birləşmələrə döyüş bayraqlarını təqdim edirik. Bu, qısa bir müddətdə düşmənə qarşı keçirilən uğurlu, parlaq fəaliyyətlərin nəticəsi olaraq, döyüşlərdə sınanmış xüsusi təyinatlılara ölkə rəhbərliyi tərəfindən verilən ən böyük qiymətdir”,- deyə Z.Həsənov bildirib.
“Burada Vətəninə, xalqına sadiq, hər an torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan Azərbaycan övladları xidmət edir. Ordumuzun gücü şəxsi heyətin vətənpərvərliyində, qəhrəmanlığında və peşəkarlığındadır. Mən bu keyfiyyətləri Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətində görürəm”,- deyə nazir bildirib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır" sözləri qarşımızda mühüm vəzifələr qoyur. Bu vəzifələr bizim üçün bir hədəfdir.
“Düşmənin kəşfiyyat-təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması, onun xeyli sayda itkilərə məruz qalması, mənəvi-psixoloji vəziyyətinin sarsıdılması və müqavimətinin sındırlması ilə Ermənistanın hərbi-kriminal rejimi Silahlı Qüvvələrimizin gücünü və qüdrətini hiss etdi. Bununla da düşmənin əməliyyat və fəaliyyət imkanlarının məhdudlaşdırılmasının birinci mərhələsi uğurla başa çatdırıldı. Bu gün əminliklə bəyan edirik ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib”,- deyə o vurğulayıb.
“İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır. Düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin”, - deyə müdafiə naziri bildirib.
Sonra hərbi xidmətdə fərqlənmiş şəxsi heyətin mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub. Hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Y.Əliyev