Azərbaycan tarixdə ilk Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Bu barədə gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov bəyan edib.
“Bu gün, 12-28 iyun tarixlərində Bakıda keçiriləcək tarixdə ilk Avropa Oyunlarına 43 gün qalmış əminlikdə bildirmək olar ki, Azərbaycan tarixi əhəmiyyət kəsb edən bu beynəlxalq idman yarışlarının keçirilməsinə tam hazırdır”, - deyə A.Rəhimov cümə axşamı “Bakı-2015” Avropa Oyunları üçün «Giltex» şirkətinin hazırladığı uniformaların təqdimatında qeyd edib.
Nazirin sözlərinə görə, Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan rəhbərliyi ilk qitə Avropa idman oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün iki il ərzində böyük iş görüb. “Sözsüz ki, ən yüksək səviyyədə keçiriləcək Avropa Oyunlarına tam hazırıq. Bütün təşkilati və hazırlıq işləri qrafik üzrə aparılır. Xüsusilə Avropa Oyunları üçün tikilən idman qurğuları beynəlxalq standartlara tam uyğundur”, - deyə A.Rəhimov vurğulayıb.
““Bakı-2015” Avropa Oyunları Azərbaycanın tarixində müstəsna hadisəyə çevriləcək. Məmnunluqla qeyd etmək istərdim ki, onların keçirilməsinə hazırlıq işləri müəyyən edilmiş qrafikə uyğun aparılır”, - deyə BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleqöz növbəsində bəyan edib.
«Giltex» şirkəti Birinci Avropa Oyunları üçün 7 növdə 110 min ədəd xüsusi uniforma istehsal edəcək.
Mərasimdə Avropa Oyunlarının texniki heyəti və digər iştirakçılarının akkreditasiya prosesi də həyata keçirilib.
R.Babayev