“Cybernet” MMC Vergilər Nazirliyi üçün bir sıra xidmətlər həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Aprelin 27-də Vergilər Nazirliyi ilə “Cybernet” arasında bir sıra işlərin icrası haqqında müqavilə imzalanıb”, - deyə agentlikdən qeyd ediblər.
Müqavilə çərçivəsində “Cybernet” nazirliyin server otağında şəbəkə və əməliyyat sistemi üçün lisenziyalı proqram təminatı, arxiv sistemləri üçün proqram təminatı tədarük edəcək, AVİS, BVİS altsistemlərinə, İnternet vasitəsilə vətəndaşlara göstərilən elektron imza, xidmətlər sisteminə dəstək göstərəcək və digər xidmətlər həyata keçirəcək.
Müqavilənin dəyəri 2 mln. 989 min 804,2 manat təşkil edir.
“Cybernet” MMC 2004-cü ildə Azərbaycanda yaradılıb və hazırda "Synergy Group"a daxildir.
A.Əzizov