SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 1 may 2015-ci il tarixindən etibarən Azərbaycan Qaz Təchizatı Şirkətinin (AQTŞ) operatoru və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) kommersiya operatoru oldu.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına əsasən, cümə günü Bakıda ARDNŞ ilə Norveçin “Statoil” şirkəti arasında müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.
Təhvilalma prosesi Norveçin “Statoil” və Malaziyanın “Petronas” şirkətləri arasında “Statoil”un “Şahdəniz” yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü sazişində 15,5%, Cənubi Qafqaz Boru Kəməri Şirkətində 15,5% və Azərbaycan Qaz Təchizatı Şirkətində 12,4% iştirak paylarının satışına dair sövdələşmənin tamamlanması nəticəsində və 17 dekabr 2013-cü ildə imzalanmış müvafiq razılığa (“Şahdəniz” layihəsinin səhmdarları arasında - İF-Az) uyğun olaraq həyata keçirilib.
SOCAR prezidenti Rövnəq Abdullayevin bəyan etdiyi kimi, AQTŞ-nin operatorluğunun və CQBKŞ-nin kommersiya operatorluğunun əldə olunması Azərbaycanda PSA layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərdə yerli potensialdan istifadənin daha da artırılması prosesində çox vacib mərhələdir.
“Bu, SOCAR-ın öz texniki və kommersiya bacarıqlarını və eləcə də insan resurslarını dünya standartlarına uyğun inkişaf etdirməsində əldə etdiyi yüksək uğurların qlobal enerji şirkətləri tərəfindən aydın tanınmasıdır”, - deyə məlumatda R.Abdullayevin sözlərindən sitat gətirilir.
SOCAR prezidenti, həmçinin 12 il ərzində AQTŞ və CQBKŞ operatoru kimi mükəmməl fəaliyyəti və eləcə də biznes fəaliyyətinə heç bir mənfi təsir olmadan razılaşdırılmış müddətdə operatorluq təhvilinin həyata keçirilməsində SOCAR ilə əməkdaşlığına görə “Statoil” şirkətinə təşəkkür edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq.
N.Abbasova