Bakı Ali Neft Məktəbində (BANM) alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda təntənəli mərasim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Ali məktəbin rektoru Elmar Qasımov iştirakçıları salamlayıb, onları Qələbə günü münasibəti ilə təbrik edib. O, Böyük Vətən müharibəsi vaxtı Azərbaycanın əhalisi 3 mln. nəfər olduğunu və onun da 700 mindən çoxu müharibədə iştirak etdiyini vurğulayıb. Onlardan 300 mindən çoxu isə müharibədə həlak olduğunu deyərək, bu göstəricinin təxminən əhalinin10%-i təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik edib və Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıqlarından danışıb.
SOCAR prezidenti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bu günkü mərasimin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Daha sonra “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” SOCAR prezidentinin əmri oxunub. Əmrə əsasən, veteranneftçilərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onlara maddi yardım ayrılıb.
Tədbirin rəsmi hissəsinin ardınca Böyük Vətən müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.
A. Zeydullayeva