Gələcəkdə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə İran, Türkmənistan və İraqdan qazın nəqli mümkündür. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.
“TANAP - gələcəkdə genişlənmək və nəinki Azərbaycan, həm də İran, Türkmənistan və İraq qazının nəqli üçün böyük imkanların olduğu boru kəməridir. Düşünürəm ki, bu boru kəməri regionda mühüm nəqliyyat yolu olacaq”, - deyə R.Abdullayev cümə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1800 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, bp - 12%, BOTAS - 30%.
N.Abbasova