I Avropa Oyunlarının məşəli Biləsuvar rayonundan Cəlilabad rayonuna gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Məşəlçilər 4 km yol qət edərək Avropa Oyunlarının məşəlini Cəlilabad rayonuna gətiriblər. Ümumilikdə 10 idmançımız məşəli bir-birlərinə ötürərək onu Cəlilabadın mərkəzi meydanına gətiriblər. Burada onları rayon ictimaiyyəti qarşılayıb. Avropa Oyunlarının məşəlinin Heydər Əliyev meydanına gətirilməsi münasibəti ilə möhtəşəm “Alov şousu” keçirilib.
Bakıdakı Atəşgah məbədindən başlayan məşəl yürüşü cənub regionu, o cümlədən Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabad rayonlarında çay plantasiyaları, eləcə də tarixi və müqəddəs yerlər üzrə davam etdirilib.
Cənub regionu Avropa Oyunlarının məşəlinin estafetini Salyan rayonuna ötürüb. Bazar ertəsi bu rayonda Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi keçiriləcək.
G.Qənbərova