Bazar ertəsi Bakıda Azərbaycan və Serbiyanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası (YAP) və Serbiya Tərəqqi Partiyası (STP) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən xəbər verib.
Sənədi Azərbaycanın baş nazirinin müavini, YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov və STP-nin beynəlxalq əlaqələr üzrə katibi xanım Yadranka Yoksimoviç imzalayıblar.
“Əminəm ki, bugünkü görüş partiyalarımız arasında əməkdaşlığın inkişafı üçün möhkəm platformanın yaranmasına kömək edəcək”,- deyə Ə.Əhmədov qeyd edib.
Baş nazirin müavini Azərbaycan və Serbiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
“Serbiyanın baş naziri Aleksandr Vuçiç bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olub. Partiyalarımız arasında münasibətlərin uğurlu inkişafı dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək”,- deyə Ə.Əhmədov vurğulayıb.
“Serbiya prezidenti Tomislav Nikoliç və baş nazir Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərləri, eləcə də bizim indiki səfərimiz iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir”,- deyə öz növbəsində Y. Yoksimoviç qeyd edib.
Onun sözlərinə görə, STP partiyalararası əməkdaşlığa böyük önəm verir.
Y.Yoksimoviç Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkldiyini bildirib.
“Kosovo problemi bizim dövlətimiz üçün çox həssas və ağrılı məsələdir. Buna görə biz sizin hisslərinizi gözəl başa düşür və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyirik”,- deyə katib əlavə edib.
R.Babayev