Gəncə Ağır Cinayətlər Məhkəməsində prokuror məhkəmədən erməni diversant Arsen Baqdasaryanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunan erməni diversant ona elan edilən ittihamlara etiraz etməyib.
Çərşənbə axşamı məhkəmənin hökmü elan ediləcək.
Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan iki hərbçi yoldaşı ilə birgə 2014-cü il dekabrın 26-da Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini gizli olaraq keçib. Onlar özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində yerləşdirə biliblər. A.Baqdasaryan geri qayıtmaq istəyərkən Ağdam rayonunun Zəngişalı kəndi ərazisində tutulub.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.
F.Mehdiyev