Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ermənistanı işğal altında olan Qarabağda məscidləri təsərrüfat işləri üçün istifadə etməkdə ittiham edib.
“Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır. Təəssüf ki, ermənilər bu ərazilərdə dini abidə hesab edilən məscidlərə qarşı hörmətsiz yanaşırlar. Ermənilər tərəfindən işğal edilmiş rayonlardakı məscidlər təsərrüfat işləri üçün istifadə edilir. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı nümayiş etdirilən hörmətsizlikdir”, - deyə M.Qurbanlı Tehranda İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini Ayətullah Möhsen Qumi ilə görüş zamanı bəyan edib.
O, həmçinin qeyd edib ki, “sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyirlər. “Azərbaycan və İran zəngin təbii ehtiyatlara malikdir. Bu sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyirlər. Buna cavab olaraq daha yaxın əməkdaşlıq əlaqələri qurmaq zəruridir”, - deyə komitə sədri bəyan edib.
Görüşdə M.Qurbanlı həmsöhbətini Azərbaycana səfərə dəvət edib.
Azərbaycanın dövlət və din xadimlərini İranda görməkdən məmnun olduğunu bildirən M.Qumi deyib ki, İran İslam İnqilabının ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir. “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”, - deyə M.Qumi bəyan edib.
Ayətullah nəzərə çatdırıb ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunmağa başlanıb. Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63%-i, dövlət idarələrində çalışanların isə 30%-ni qadınlar təşkil edir.
“İslam insanı inkişafa və tərəqqiyə çağıran dindir. Lakin onun əleyhinə çox mənfi təbliğat aparılır. Bu təbliğatın qarşısını qarşılıqlı əməkdaşlıqla ala bilərik”, - deyə M.Qumi vurğulayıb.
F.İsazadə