Azərbaycanda dərman preparatlarının qiymətlərinin tənzimlənməsi üzrə qaydalar işlənib hazırlanıb. Bu barədə bazar ertəsi jurnalistlərə baş nazirin müavini Əli Əhmədov məlumat verib.
“Yaxın vaxtarda bu qaydalar təsdiq ediləcək, ondan sonra Azərbaycanda dərman preparatlarının qiymətlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçiriləcək”, - deyə Ə.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, ölkə rəhbəri bu məsələni diqqət mərkəzində saxlayır.
“Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq düzəlişlər qəbul edilib və prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib”,- deyə baş nazir qeyd edib.
Ə.Əhmədov bildirib ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi prosesi texniki nöqteyi-nəzərdən müəyyən vaxt aparacaq.
“Lakin bizim məqsədimiz Azərbaycanda dərman preparatlarının qiymətlərinin süni artımına mane olmaqdan ibarətdir. Təəssüf ki, hazırda belə faktlara rast gəlinir. Bundan başqa, biz dərman preparatlarının keyfiyyətinə nəzarəti də gücləndirəcəyik. Çünki vətəndaşlarımız nə dərmanların aşağı keyfiyyətindən, nə də yüksək qiymətindən əziyyət çəkməməlidirlər. Düşünürəm ki, qaydalar hazırlandıqdan və həyata keçirildikdən sonra biz qarşıya qoyduğumuz məqsədlərə çata biləcəyik”, - deyə o vurğulayıb.
R.Babayev