Estoniyada “İKT həftəsi” çərçivəsində mayın 13-də Tallin şəhərində Azərbaycanda “e-hökumət”in formalaşdırılması təcrübəsinin təqdimatı keçiriləcək. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.
Estoniyada “İKT həftəsi” çərçivəsində tədbirlər mayın 11-də baş tutacaq “Dövlət idarəçiliyi islahatları” seminarı ilə başlayacaq. Seminarın açılışında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin iştirakı planlaşdırılır.
Bundan başqa, 12-13 may tarixlərində Tallində “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçiriləcək. Konfransa elektron idarəetmə sahəsi üzrə dünyanın aparıcı ekspertləri, hökumət, biznes, akademiya nümayəndələri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti qrupları qatılacaqlar.
Konfransda elektron idarəetmə strategiyasının planlaşdırılması; Avropa Birliyinin Şərq tərəfdaşlığı ölkələrində elektron idarəetmənin 15 illik təcrübəsi; mərkəzi elektron idarəçilikdə koordinasiya və əlaqələr; kibertəhlükəsizlik və elektron idarəçilik kimi mövzular müzakirə olunacaq.
“E.Vəlizadə mayın 12-də konfransda “Əməkdaşlıq, əlaqələndirmə və kommunikasiya – biz e-İdarəçiliyi təşkil edə biləcəyikmi?” mövzusunda keçiriləcək müzakirə panelində məruzəçi kimi iştirak edəcək. O, mayın 13-də konfransın bağlanış mərasimində çıxış edəcək. Tədbir zamanı, həmçinin Azərbaycanda “e-hökumət”in formalaşdırılması təcrübəsinin təqdimatı keçiriləcək”, - deyə məlumatda vurğulanır.
N.Abbasova