Azərbaycan ötən əsrin sonlarında Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətini bu gün uğurla reallaşdırır. Bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bəyan edib.
“Azərbaycan dövlətçiliyini xilas edən və möhkəmləndirən Heydər Əliyev sağlam, təhsilli, qabaqcıl gənclərin inkişafı məsələlərinə ciddi diqqət ayırırdı”, - deyə nazir müavini Milli Məclisin Sosial Siyasət Komitəsinin təşkil etdiyi “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericilik” mövzusunda dinləmələrdə vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda müstəqillik illəri ərzində gənclər siyasəti sahəsində 20-yə yaxın normativ-hüquqi akt qəbul edilib.
“Azərbaycanda gənclərin tələbatlarının təmin edilməsi və inkişafına yönələn proqramlar və layihələr uğurla reallaşdırılır. Əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir, çünki bugünkü gənclər ölkəsinin uğurlu inkişafını təmin etmək məqsədilə səylərini əsirgəmir”, - deyə Milli Məclisin vitse-spikeri Bahar Muradova vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı həm də bütün regionun inkişafına imkan yaradır.
“Azərbaycanda baş verən dəyişikliklər nəinki ölkəmiz, həm də bütün region üçün əhəmiyyət kəsb edir. Azərbaycanın inkişafı sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsinə və bütün regionda rifaha yönəlib”, - deyə vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə, gənclər lazımi istiqamətə yönəltməyin lazım olduğu böyük qüvvədir.
“Azərbaycanda gənclərin məsələlərinə dair güclü qanunvericilik var. Və parlament zamanın tələbi ilə ona vaxtında dəyişikliklər edir”, - deyə B.Muradova vurğulayıb.