Azərbaycan kənd-təsərrüfatı, yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqldır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Akira Muto ilə görüş zamanı bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına əsasən, E.Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirərək, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Öz növbəsində A.Muto Yaponiyanın Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə yapon şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Akira Muto Yaponiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Görüş əsnasında “GUAM+Yaponiya” formatında əməkdaşlıq və eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev