Azərbaycanda müxtəlif icmaların nümayəndələri İkinci Dünya müharibəsi illərində faşizmlə mübarizədə azərbaycanlıların töhfəsini müzakirə ediblər.
“Etnoqlobus” Beynəlxalq İnformasiya-Analitik Mərkəzinin təşkil etdiyi “Azərbaycanlılar İkinci Dünya müharibəsi illərində” mövzusunda dəyirmi masada tatar, Ukrayna, rus icmaları, KİV və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının tarix elmləri doktoru Sevinc Əliyeva qeyd edib ki, Azərbaycan xalqı bütün sovet xalqları kimi faşizm üzərində qələbəyə öz töhfəsini verib.
“Birlik sayəsində əldə olunan qələbə böyük insan, maddi və mənəvi itkilər verən, qələbə uğrunda ən dəyərli şeylərini fəda edən Azərbaycan xalqının da qələbəsi idi” , - deyə S.Əliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hər beşinci sakini bu müharibədə döyüşüb. 3,4 mln. nəfər əhalisi olduğu halda (1941-ci ilə olan vəziyyətə görə) 700 minə yaxın şəxs, o cümlədən 10 mindən artıq qadın cəbhəyə yollanıb.
“Təkcə müharibənin ilk günlərində Azərbaycanın 40 mindən artıq oğlu və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə vermiş, 186 min 704 nəfər yığma qoşun döyüşçüsü olmaq üçün qeydiyyatdan keçmişdi. Tez bir zamanda respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 min havadan müdafiə dəstəsi təşkil olunmuşdu. Hərbi hissələr üçün 15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı”, - deyə tarixçi qeyd edib.
O, xüsusilə vurğulayıb ki, azərbaycanlılar Brest qalası, Leninqrad və Moskvanın müdafiəsi, Stalinqrad, Qafqaz, Kursk qövsü və Ukrayna uğrunda döyüşlərdə iştirak ediblər. Azərbaycanlılar Ukrayna uğrunda döyüşlərdə əsasən Krım yarımadasında vuruşublar.
“Həmçinin onlar Baltikyanı və Şərqi Avropa ölkələrinin azad olunması və Berlin uğrunda döyüşlərdə də iştirak ediblər”, - deyə S.Əliyeva qeyd edib.
O vurğulayıb ki, 400 mindən artıq azərbaycanlı hərbi mükafat və medallarla, 170 mindən çox adam orden və medallarla təltif edilib, 14 əsgər tamŞöhrət ordeni kavalerləriadına, 40-dan artıq azərbaycanlı şücaət və igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına (onlardan 16-sı ölümündən sonra) layiq görülüb.
“Tank qoşunları general mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Şimal-Qərb cəbhəsində döyüşən baş serjant İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı olmuş ilk azərbaycanlıdır. Mütləq qeyd etmək lazımdır ki, Sovet İttifaqı Qəhrəmanı, leytenant Məlik Məhərrəmovun komandanlıq etdiyi bölükdə 19 azərbaycanlı Vətən uğrunda döyüşüb və sonradan onlara Sovet İttifaqı qəhrəmanları adı verilib”, - deyə o vurğulayıb.
S.Əliyeva qeyd edib ki, 1941-1945-ci illərdə müharibənin əvvəlində azərbaycanlı əsgərlər 77-ci dağatıcı diviziyasında daha sıx toplanmışdılar.
“1941-ci ildə bu birləşmənin ilk əməliyyatı SSRİ-nin cənub sərhədində hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar sovet qoşunlarının İrana yürüşdə iştirakı olub. Suvorov adına Qırmızı Bayraq Ordenli 77-ci dağatıcı diviziya Krım və Baltikyanı ölkələrin ərazisini faşist işğalçılarından azad edirdi. Simferopolun azad edilməsi zamanı göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziya “Simferopol diviziyası” adına layiq görülüb”, - deyə S.Əliyeva qeyd edib.
O, həmçinin 1942-ci ilin may ayında Krımda 11-ci Almaniya ordusu tərəfindən məhv edilmiş 396-cı Azərbaycan milli diviziyasından da söz açıb.
“Diviziyanın bir çox döyüşçüləri qəhrəmanlıqla həlak olublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları general-mayoru Həzi Aslanov, Israfil Məmmədov, Adil Quliyev, Qafur Məmmədov, Cəmil Əhmədov, Gəray Əsədov, Müseyib Bağırov, Məlik Məhərrəmov, Ziya Bünyadov və digərləri 1941-1945-ci illərdə cəbhədə böyük qəhrəmanlıqlar nümayiş etdiriblər”, - deyə tarixçi vurğulayıb.
S.Əliyevanın sözlərinə görə, 1942-ci ildə “Krasnaya zvezda” qəzetində Böyük Vətən müharibəsi illərində qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən görkəmli azərbaycanlı tarixçi Ziya Bünyadov haqqında yazıblar: “Pələng kimi cəld kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şərtlər altında düşmənin sayı, silahları və yerləşməsi barədə dəqiq məlumatlar gətirirdi”.
“O, məşhur Visla-Oder əməliyyatında iştirak edən 123-cü cərimə rotasına komandanlıq edərkən Sovet İttifaqı Qəhrəmanının ulduzunu alıb. Sonralar Z.Bünyadov xatırlayırdı: “Mənə çox təhlükəli iş tapşılmışdı: düşmənin üç hissədən ibarət müdafiə xəttini yarmalı, Pilitsa çayı üzərində uzunluğu 80 metr olan minalanmış körpünü ələ keçirməli idik, ancaq onu dağıtmamaq şərti ilə, çünki körpünün üzərindən hərbi texnika keçməli idi. Biz bu tapşırığı yerinə yetirdik, lakin bu döyüşdə 670 döyüşçüdən 47-si sağ qaldı. Neçəsini dəfn etdim, neçəsinin yaxınlarına məktublar yazdım! Sağ qalanların hər birini ordenlərlə təltif etdilər. 1945-ci il fevralın 27-də mənə Sovet İttifaqı Qəhrəmanı adı verildi”, - deyə S.Əliyeva qeyd edib.
“Azərbayan cəbhəçiləri Mozdokdan Büerlinə qədər döyüş yolu keçərək, İkinci Dünya müharibəsinin qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar. Onların nümayiş etdirdikləri qəhrəmanlıq indi bütün Azərbaycan gəncləri üçün örnəkdir”, - deyə S.Əliyeva vurğulayıb.
F.İsazadə