“PAŞA Bank”ın İdarə Heyətinin üzvü Taleh Kazımovun “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsi
- Devalvasiya şəraitində bəzi banklar manatla kredit verilməsinə məhdudiyyət qoymağa başladılar. “PAŞA Bank” bu vəziyyətdə necə fəaliyyət göstərir?
“PAŞA Bank” manatla kreditləşdirməyə məhdudiyyət qoymadı və bu prosesi adi qaydada davam etdirir. Bizim valyuta mövqeyimiz bunu lazımi həcmdə həyata keçirməyə imkan verir. Bundan başqa, biz xarici valyuta ilə də kreditlər veririk. Elə müştərilər var ki onlara valyuta kreditləri lazımdır – bunlar, əsasən beynəlxalq miqyasda ticarət əməliyyatları aparan şirkətlərdir.
Devalvasiyadan sonra “PAŞA Bank” ümumilikdə 71 mln. manat məbləğində kredit verib, bu vəsaitin yarısı milli valyuta ilə verilib. Fevral ayında bazardakı sakitliyi və mart ayında iş günlərinin sayının az olması faktını nəzərə alsaq, bu, çox yaxşı göstəricidir.
Bu gün, devalvasiyadan iki ay sonra müştərilər krediti hansı valyuta ilə götürmə məsələsi üzərində deyil, necə maliyyələşmək məsələsi üzərində düşünməyə başlayıblar. Bu, bankın biznesi üçün, yəni yalnız kreditor kimi deyil, həm də maliyyə məsləhətçisi kimi müştərilərə dəstək sahəsində yeni imkanlar yaradır.
- Devalvasiyadan sonra “PAŞA Bank”ın kredit siyasətində hansı dəyişikliklər baş verib?
- “PAŞA Bank” əvvəlki şərtlərlə işləməyə davam edir. Bu gün bizim bank bazarda biznes kreditləri üzrə (həm faiz dərəcələri, həm də müddətlər üzrə) ən sərfəli şərtlər təqdim edir. Lakin bizim müştərilərin institusional inkişafı, maliyyə hesabatlılığı, mühasibat uçotunun aparılması, korporativ idarəetmə ilə bağlı sərt tələblərimiz var.
Bugünkü iqtisadi şərtlərdə bu məsələlər getdikcə daha da aktuallaşır. Biz istəyirik ki, müştərilərimiz institusional olaraq inkişaf etsinlər, bu, onları daha da güclü edir. Bizim praktikamızda «success stories» adlandırdığımız hallar var. Müştəri bankdan maliyyə vəsaiti almazdan öncə öz maliyyə hesabatını və digər institusional parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb ki, bu da gələcəkdə onun biznesinə çox müsbət təsir göstərib.
Bizim fəaliyyətimiz kredit verməklə məhdudlaşmır, biz bu kreditin biznesin inkişafına kömək etməsini istəyirik. Regionda makroiqtisadi çağırışların gücləndiyini nəzərə alaraq bilavasitə maliyyələşmə ikinci dərəcəli olur, bizneslə bağlı düzgün konsultasiya isə birinci plana keçir. Biznesin savadlı və ölçülüb-biçilmiş məsləhətlərə, pul axınını necə idarə etmək, biznes modeli necə yaxşılaşdırmaq kimi msələhətlərə ehtiyacı var. Biz bu xidmətlərə böyük tələbat olduğunu görürük və müştərilərimiz bunu məmnunluqla qarşılayırlar.
- “PAŞA Bank” xarici valyuta ilə borc alanlarla bağlı hansı tədbirləri görüb?
- “İndiki mərhələdə heç bir ciddi problem, o cümlədən manatın devalvasiyasına görə yaranmış problemli kreditlərin həcmində artım müşahidə etmirik. Həm devalvasiyaya qədər, həm də indi xarici valyuta ilə kreditlərin xüsusi çəkisi bankın kredit portfelinin 25-31%-ni təşkil edib. Valyuta ilə kredit götürmüş bank müştəriləri uzunmüddətli perspektivdə onlara xidmət göstərmək üçün kifayət qədər “təhlükəsizlik yastığı”na malikdirlər. Bank qısamüddətli perspektivdə portfelin bu hissəsi üzrə güclü zərbə gözləmir.
Devalvasiyadan sonrakı ilk ayda bizim fəaliyyətimizdə əsas diqqət məhz belə müştərilərə yönəlmişdi. Bank əməkdaşları onların hər biri ilə görüşür, danışıqlar aparır, vəziyyəti təhlil edir, gələcəkdə onların bzinesi üçün yaranacaq mümkün problemlərlə bağlı optimal həll yolları təklif edirdilər. Bəzi hallarda biz müştərilərimizə kreditlərin təkrar strukturlaşdırılmasını, ödəniş müddətinin uzadılmasını, bəzilərinə isə əksinə, kreditin ödəniş müddətinin azaldılmasını təklif etdik ki, onlar devalvasiyanın güclü təsirini hiss etmədən gələcəkdə onlara problem yarada biləcək kreditlərdən azad ola bilsinlər. İndiki vəziyyətdə bizim uzunmüddətli məqsədlərimiz var, müştəriyə fərdi yanaşaraq ona və biznesinə ən yaxşı həllin təqdim ediməsinə zəmanət veririk.
- Bank kiçik və orta sahibkarlıq üçün yeni kredit məhsulları planlaşdırırmı?
Kiçik və orta sahibkarlığa dəstək göstərməyə davam edəcəyik. Bundan başqa, hazırda bizim kredit verərkən maliyyə məsləhətlərinin verilməsi ilə bağlı məhsulumuz da daha bir üstünlüyümüzdür. Əsasən bir sahibkardan asılı olan kiçik biznesin belə məsləhətlərə daha çox ehtiyacı var. Bu gün biz belə məsləhətləri pulsuz olaraq təqdim edirik və buna korporativ sosial məsuliyyətin bir hissəsi kimi baxırıq.
Hazırda bizim resurslarımız ona yönəlib ki, bu məsləhətlərin keyfiyyəti biznes üçün maksimal dərəcədə adekvat olsun. Hər bank kredit verə bilər. Amma onların heç də hamısı bunu düzgün şəkildə edə bilməz. Bizdə təkrar şərtlərə malik bir dənə də olsun kredit yoxdur: onlar bu və ya digər biznesin ehtiyatlarından asılı olaraq dəyişir.
Bundan başqa, biz BOKT-lər vasitəsi ilə mikromaliyyə proqramını davam etdirmək niyyətindəyik, çünki bu seqmentdə böyük potensial görürük. Mikromaliyyə portfeli əvvəlcədən 10 mln. manat məbləğində nəzərdə tutulub, lakin tələb daha yüksək oldu. Hazırda maliyyələşdirmənin həcminin artırılması məsələlərini nəzərdən keçiririk. Bu gün mikromaliyyə proqramı üzrə portfel 25 mln. manat təşkil edir, biz onu 53 mln. manata qədər artırmağı planlaşdırırıq.
-2015-2017-ci illər üçün bankın inkişaf strategiyasına, eləcə də devalvasiya nəzərə alınmaqla ilin sonuna qədər bankın kredit portfeli üzrə proqnozlarına dəyişiklik ediləcəkmi?
Hazırda bankın göstəriciləri 2014-cü ilin sonunda təsdiq edilmiş biznes plana uyğundur. Lazım gələrsə və mənə belə gəlir ki, belə zərurət yaranacaq, bu ilin ortalarında biz öz biznes planımıza təkrar nəzər salacağıq. Bununla yanaşı, bank yəqin ki, kredit portfeli üzrə proqnozlarını təkrar gözdən keçirməyəcək. 2015-ci ildə biz kredit portfelində 20% - 650 mln. manata qədər artım proqnozlaşdırırıq. Bankın biznesin aparılması strategiyası, məqsəd auditoriyası dəyişmir. Biz əvvəllər olduğu kimi, korporativ və investisiya bankı, həm maliyyə, həm də biznes məsləhətlərinin təqdim edilməsi baxımından real sektorun tərəfdaşı kimi fəaliyyət göstəririk.
A. Axundov