Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev İstanbula səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
E.Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıqlar istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olublar.
Səfər çərçivəsində DSX rəisi bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel, Quru Qoşunlarının Komandanı, ordu generalı Hülusi Akar, Sahil Mühafizəsinin komandanı vitse-admiral Hakan Üstem ilə təkbətək görüşlər keçirib. Görüşlərdə iki ölkənin müvafiq güc strukturları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
Qurumlar arasında qarşılıqlı əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, hərbi-texniki sahədə və sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
R.Babayev