Enerji və nəqliyyat sahələrində əməkdaşlıq mövzusu Aşqabad və Bakının münasibətlərinin gündəliyindədir. Bu barədə jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov bildirib.
“Enerji əməkdaşlığı sahəsində azərbaycanlı həmkarlarımızla fəal çalışırıq. Bu, Azərbaycan-Türkmənistan dialoqunun bilavasitə gündliyində olan məsələlərdən biridir”, - deyə T.Komekov söyləyib.
O xatırladıb ki, cari ilin yanvar ayında Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü zamanı “bu sahədə əməkdaşlığın inkişafı məqsədilə əlverişli şəraitin yaradılması yolları təfərrüatı ilə müəyyən edilib”.
Diplomat nəqliyyat sahəsində əməkdaşlığa dair dialoqu Azərbaycan və Türkmənistan arasında daha bir mühüm məsələ adlandırıb.
“Azərbaycan və Türkmənistan Asiya və Avropa arasında mühüm nəqliyyat halqalarıdır. Bu gün Azərbaycanın dünya əhəmiyyətli nəqliyyat infrastrukturu yaratmasını fəxr və sevinclə müşahidə edirəm. Ələt qəsəbəsində limanın, sürətli avtomobil yollarının, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi - bütün bu layihələr bizim üçün önəmlidir”, - deyə diplomat bildirib.
O qeyd edib ki, Türkmənistan da nəqliyyat layihələrini fəal inkişaf etdirir. O, Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun istifadəyə verildiyini bildirib.
Onun sözlərinə görə, Asiya bazarlarına çıxış əldə etmək məqsədilə Aşqabad, həmçinin avtoban və Türkmənbaşı limanının tikinti layihəsini irəli sürür. Həmin liman neft tankerlərindən tutmuş quru yük gəmilərinə qədər istənilən növ gəmiləri qəbul edəcək.
“Bu, bizə münasibətləri inkişaf etdirməyə imkan verir”, - deyə o bildirib.
T.Komekov vurğulayıb ki, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat layihəsi üzərində fəal iş aparılır.
“Bu, bizə nəqliyyat qovşaqlarımızı birləşdirməyə imkan yaradır, o cümlədən Azərbaycan və Türkmənistanın imkanlarını artırır və faktiki olaraq tarixi İpək Yolunun yenidən yaradılması olacaq”, - deyə səfir bildirib.
F.İsazadə