Ermənistan parlamenti ölkənin hüdudlarından kənarda işləyən erməni əmək miqrantlarının vergiyə cəlb edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyan “Gəlir vergisi haqqında” və “Mənfəət vergisi haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsini parlamentin müzakirəsinə verib.
Qanun layihəsinə əsasən, xaricdə muzdlu əmək fəaliyyəti həyata keçirən Ermənistan vətəndaşları vətəndə hər hansı tikinti firması ilə müqavilə imzalamalı və ölkə büdcəsinə gəlirinin 13%-i məbləğində gəlir vergisi ödəməlidir.
Hakim Respublika partiyasını təmsil edən 65 deputat sənədin lehinə səs verib.
“Erməni Milli Konqresi”, “Orinas Yerkir” və “İrs” müxalifət partiyalarını təmsil edən 16 deputat qanun layihəsinin əleyhinə, “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” partiyalarını təmsil edən 21 deputat bitərəf qalıb.