2015-2016-cı dərs ilindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində yeni tədris mexanizmi tətbiq edilir. Bu barədə təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkil etdiyi biznes forumda bəyan edib.
“Bu gün valideynlərin əksəriyyəti övladlarının ixtisas seçə bilməməsindən narazılıq ifadə edirlər. Məktəb isə daxil olmaq üçün digər, onların fikrincə, “lazımsız” fənlər üzrə də qiymətləndirmə tələb edir”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu narazılığı nəzərə alaraq, bir sıra pilot məktəblərin yuxarı siniflərində növbəti dərs ilindən etibarən təmayüllü tədris tətbiq olunacaq.
“Bu proses abituriyentin hansı ixtisas qrupunu seçməsinə uyğun olaraq tətbiq olunacaq”, - deyə M.Cabbarov bildirib.
Nazir özəl və dövlət məktəbləri arasında da uyğunsuzluğun mövcud olduğunu qeyd edib.
“Bu gün Azərbaycanda 4481 məktəb fəaliyyət göstərir. Ölkənin təhsil sahəsi 1,3 mln. şagirdi əhatə edir, onların yalnız 10 min nəfəri özəl məktəblərdə təhsil alır, bu isə şagirdlərin ümumi sayının 1%-dən azdır. İndiyədək bu məsələ kənarda qalıb, lakin özəl və dövlət məktəblərinin resursları arasında böyük uyğunsuzluğun mövcudluğunu qeyd etmək lazımdır. Onları hətta müqayisə etmək də mümkün deyil. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın hər bir vətəndaşının keyfiyyətli təhsil almaq hüququ var”, - deyə o vurğulayıb.
M.Cabbarov əlavə edib ki, hazırda nazirlik mövcud uyğunsuzluğun ləğv edilməsi məqsədilə gələn tədris ilindən etibarən tətbiq olunacaq yeni strategiyalar hazırlayır.
O, ali məktəblərdə tədrisin səviyyəsindən də narazılıq ifadə edib.
“Bəzi ali məktəblərdə bir sıra ixtisaslar üzrə biliklərin səviyyəsi tələb olunan səviyyəyə uyğun deyil. Bu səbəbdən biz həmin ixtisaslar üçün keçid balının artırılmasını təklif edirik”, - deyə o vurğulayıb.
Nazir, həmçinin deyib ki, yaxın gələcəkdə orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ali məktəblərin nəzdinə keçieilməsi planlaşdırılır.
“Bu, mövcud resursların səmərəli istifadəsi nöqteyi-nəzərindən zəruridir. Bu, həm də subbakalavriat dərəcəsinin yaradılmasına səbəb olacaq, eləcə də təhsilin keyfiyyətini və bu cür müəssisələrə marağı artacaq”, - deyə M.Cabbarov qeyd edib.
R.Babayev